Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Sənaye Bankının birgə təşkilatçılığı ilə Fondun "İl boyu bilik" proqramı çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbdə təlim keçirilib.
Ali məktəblərin maliyyə-bank işi və iqtisadiyyat ixtisaslarında təhsil almaq istəyən abituriyentlər üçün təşkil olunan tədbirdə Azərbaycan Sənaye Bankı Dərnəgül filialının müdir müavini Xatirə Əlişova “Uğurlu karyeraya aparan yol və düzgün ixtisas seçimi” mövzusunda mühazirə ilə çıxış edib.
Məktəbin direktoru Məhluqə Əzizova tədbiri açaraq, iştirakçıları qonaqlarla tanış edib və bildirib ki, abituriyentlərin gələcəkdə seçəcəkləri ixtisaslar barəsində indidən məlumat almaları onların təhsil pilləsində daha rahat addımlamalarına şərait yaratmış olar.
Azərbaycan Sənaye Bankının Marketinq Departamentinin mütəxəssisi Aysel Hətəmova Bilik Fondu ilə əməkdaşlığa başladıqlarını diqqətə çatdıraraq, belə görüşlərin müxtəlif məktəblərdə də keçirilməsini planlaşdırdıqlarını bildirib.
Dərnəgül filialının müdir müavini X.Əlişova mühazirəsində yeni dövrün tələblərinə uyğun aparılan maliyyə əməliyyatlarından söz açıb və iqtisadiyyatın inkişafında mütəxəssislərin kompüter və dil bilgilərinə malik olmalarının vacibliyini vurğulayıb.
Natiq qeyd edib ki, ixtisas və ya peşə seçimində tələskənliyə yol vermək olmaz və abituriyentlər bəyəndikləri ixtisas barədə hərtərəfli bilgi toplayarlarsa, daha uğurlu nəticələr əldə edə bilərlər.
Tədbir iştirakçılarının mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.