Exchange kalkulyatoru
11.09.2017

ASB Bakı Ticarət Festivalının tərəfdaşıdır

ASB Azərbaycanda ilk dəfə keçirilən Bakı Ticarət Festivalının tərəfdaşıdır. Mayın 10-dək davam edəcək ticarət festivalının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.

Belə festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur.

Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da “Tax free” sistemi tətbiq ediləcək – Baku Shopping Festival günlərində 100 manatdan çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı “Tax free” sistemindən yararlana biləcək.

ƏDV necə qaytarılacaq?

Azərbaycan vətəndaşları və ölkəmizin qonaqları ƏDV-ni geri almaq üçün 3 əsas məqama diqqət etməlidirlər:

  • alış-veriş zamanı satıcıya ƏDV-nin qaytarılması xidmətindən istifadə etmək istəyinizi bildirməlisiniz. Sonra elektron hesab-fakturanın (e-VHF) doldurulması üçün şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz. Satıcı e-VHF-i doldurub sizə iki nüsxədə təqdim edəcək. Hesab-fakturada satıcının imzası, xüsusi möhür, qaytarılacaq məbləğ və ƏDV-nin qaytarılması üçün son tarix göstərilməlidir;
  • növbəti mərhələdə hesab-faktura xüsusi vergi köşklərinə təqdim edilməlidir. Köşklər Bakının 28 Mall, Port Baku, Nargiz Mall, Park Bulvar, Metro Park və Ganjlik Mall ticarət-əyləncə mərkəzlərində yerləşir. Vergi xidmətinin əməkdaşı hesab-fakturanı yoxlayıb möhürləyəcək;
  • sonda ASB Baş Ofisində yerləşən Müştəri Xidmətləri Departamentinə və ya Park Bulvar alış-veriş mərkəzində yerləşən Park Bulvar filialından ƏDV-ni geri ala bilərsiniz.

ƏDV nağd şəkildə milli valyuta ilə bir gün ərzində qaytarılır. ƏDV-ni nağdsız şəkildə əldə etmək istəyənlər banklara yaxınlaşmadan hesab-fakturanı rekvizitləri ilə doldurduqdan sonra vergi köşklərinin yanında quraşdırılan xüsusi qutulara yerləşdirməlidirlər. Bu halda ƏDV-nin məbləği 10 iş günü ərzində sizin hesabınıza və ya kartınıza yatırılacaq.

Ticarət festivalları dövründə hansı mallar üçün ƏDV qaytarılmayacaq?

“Tax-free” sistemində olduğu kimi, burada da bir sıra mallar var ki, onlara görə tutulmuş ƏDV qaytarılmır. Buraya aksizli mallar, ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar, külçə şəklində qiymətli metallar, nəqliyyat vasitələri və onların ehtiyat hissələri aiddir.

Bakı Şopinq Festivalı çərçivəsində xidmət göstərən mağazaların ilkin siyahısı

Bakı Şopinq Festivalında qeydiyyatdan keçən mağazaların sayı günü-gündən artır. Festivalda iştirak edən mağazaların davamlı olaraq yenilənən siyahısını http://bakushopfest.com/our-stores/ linkindən əldə edə bilərsiniz

 

 

()
Saat
: Dəqiqə
Tarix